SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Bakıdan İrəvana qədər uzanan soyqırımı coğrafiyası
1918-ci ilin mart-aprel hadisələri Azərbaycan xalqının tarixində yalnız mülki əhaliyə qarşı törədilmiş kütləvi bir qırğın olmamışdır, eyni zamanda bu hadisələr milli kimliyimizə qarşı yönəlmiş sistemli bir cinayətdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağ və Zəngəzura erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi və kütləvi qırğınlar xalqımıza qarşı aparılan təcavüzün qanlı səhifələridir. Dövlət başçısı bu cinayətlərin coğrafiyasının nə dərəcədə geniş olduğunu və Bakı, Quba, Şamaxı, Lənkəran, Naxçıvan və digər ərazilərin eyni vəhşiliyə məruz qaldığını hər zaman diqqət mərkəzində saxlayır.
Deputat Kamal Cəfərov qeyd edir ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu hadisələrə ilk dəfə siyasi qiymət verilməsinin əsasını qoymuşdur. Bu fərmandan sonra aparılan elmi araşdırmalar, xüsusən Şamaxıda və Qubada törədilən vəhşiliklərin görünməyən tərəflərini üzə çıxarmışdır. Şamaxı qəzasında 86 kəndin təcavüzə məruz qalması, Qubada insanların küt alətlərlə qətlə yetirilməsi erməni şovinizminin real simasını göstərir.
Millət vəkilinin fikrincə, bu tarixi həqiqətlərin araşdırılması və tərcümə olunaraq dünyaya çatdırılması soyqırımı qurbanlarının xatirəsi qarşısında mənəvi borcdur. İrəvan quberniyasında 199 kəndin dağıdılması və minlərlə insanın məhv edilməsi faktları göstərir ki, erməni silahlı dəstələri heç bir etik və bəşəri norma tanımamışlar.
Kamal Cəfərovun qənaətinə görə, bu gün Azərbaycan dövlətinin nümayiş etdirdiyi iradə, tarixin bu qanlı dərslərindən nəticə çıxararaq daha güclü bir gələcək qurmağa xidmət edir. Şamaxı hadisələrinin və digər bölgələrdəki cinayətlərin tam mənzərəsinin formalaşdırılması istiqamətindəki işlər dayanmadan davam etdirilməlidir.